Prostat vəzi xərçəngi haqqında məlumat

Prostat vəzi xərçəngi - Prostat vezi xercengi haqqinda melumat

Prostat vəzi xərçəngi haqqında biz nə bilməliyik?

Prostat vəzi, kişi reproduktiv sisteminin orqanıdır və kiçik çanaqda, düz bağırsağın ön hissəsində, sidik kisəsinin altında yerləşir. Prostat vəzinin ölçüsü normada təxminən bir qozun ölçülərinə uyğundur. Prostat vəzi sidik kanalının başlanğıc hissəsini (uretranı) əhatə etdiyindən, böyüməsi zamanı o, sidik kanalını (uretranı) sıxa və sidik kisəsindən normal sidik axmasına mane ola bilər. Prostat vəzi iki növ toxumadan ibarətdir: qlandular və əzələ. Birincisi, seminal mayenin tərkib hissəsi olan maye istehsal edən vəzlərdən ibarətdir. Əzələ toxuması eyakulyasiya (toxum axıtma və ya boşalma) zamanı vəzlərin boşalmasını təmin edir. Prostat vəzinin funksiyası prostat toxumasının böyüməsini stimullaşdıran kişi cinsi hormonlarının (androgenlərin) orqanizmdə mövcudluğuna bağlıdır.

Prostat vəzinin xəstəlikləri hansılardır?

Prostat vəzinin ən çox yayılmış xəstəlikləri prostatit (prostat vəzinin iltihabı) və əvvəllər səhvən “prostat adenoması” adlandırılan prostat vəzinin xoşxassəli hiperplazyasıdır (PVXH).

PVXH şiş deyil, normal prostat hüceyrələrinin həddindən artıq çoxalmasıdır. Bu zaman vəz böyüyür, sidik yollarını sıxır və sidik axınına mane olur. Bilmək lazımdır ki, PVXH bədxassəli şişə çevrilə bilməz və prostat vəzi xərçəngindən fərqli olaraq, digər hüceyrələrdən inkişaf edir !!! Bununla belə, prostatit və ya PVXH mövcudluğu prostat vəzi xərçənginin olma ehtimalını istisna etmir. PVXH yayılmış bir xəstəlikdir və rast gəlmə tezliyi yaşla artır.

PVXH simptomları 50 yaşdan yuxarı kişilərin əksəriyyətində, 80 yaşdan yuxarı kişilərin 90%-dən çoxunda aşkar edilir. Təkcə PVXH -nin olması müalicə üçün göstəriş deyil, lakin bəzi kişilərdə müalicəyə ehtiyacı olan PVXH -nin ağır simptomları və ya ağırlaşmaları olur.

Bədxassəli yenitörəmələrdən ən çox yayılanı prostat vəzlərinin epitel hüceyrələrindən inkişaf edən və bütün halların 95% -ni təşkil edən adenokarsinomadır (prostat vəzi xərçəngi, PX).

Prostat vəzinin xərçəngi kimlərdə daha çox rast gəlinə bilir?

“Bir adamın prostat vəzinin xərçənginə tutulduğu, digərinin isə tutulmadığı nədən irəli gəlir?” sualına birmənalı cavab vermək heç də həmişə mümkün olmur. Lakin, qeyd olunmalıdır ki, müəyyən risk faktorları olan insanlarda prostat vəzi xərçəngi daha çox rast gəlinir.

Tədqiqatlardan prostat vəzinin xərçənginin inkişafı üçün aşağıdakı risk faktorları müəyyən edilib:

  1. 65 yaşdan yuxarı yaş. Yaş prostat vəzi xərçəngi üçün əsas risk faktorudur. Bu xəstəlik 45 yaşdan cavan kişilərdə nadirdir.
  2. İrsiyyət. Yaxın qohumların birində (ata, qardaş) prostat vəzi xərçəngi varsa, pasiyentdə bu xəstəlik riski iki dəfə yüksəkdir. Prostat xərçəngi iki qohumda aşkar edilərsə, risk 5 dəfədən çox artmış olur.
  3. Etnik mənsubiyyət. Prostat xərçənginin negroid irqinə mənsub insanlar arasında daha çox yayıldığı sübut edilib;
  4. Prostat vəzində bəzi morfoloji dəyişikliklər. Hüceyrə səviyyəsindəki bu dəyişikliklər yalnız prostat vəzinin biopsiyası ilə aşkar edilir: prostatik intraepitelial neoplaziya (PİN) olan kişilərdə xərçəngin inkişaf riski artmış ola bilər;
  5. Genetik meyllik. DNT-nin müəyyən hissələrində olan genlərdə baş verən pozuntular prostat vəzi xərçənginin inkişaf riskini artıra bilir. Əgər pasiyentdə DNT-nin bir və ya bir neçə hissələrində genetik dəyişikliklər (pozuntular) aşkar edilərsə, bu zaman prostat xərçənginin yaranma ehtimalı artmış olur. Bundan əlavə, digər tədqiqatlarda konkret olaraq BRCA1 və BRCA2 genlərində dəyişikliklərin xərçəng riskinin artması ilə bağlı olduğunu göstərilmişdir.

Prostat vəzi xərçənginin rast gəlmə tezliyi nə qədərdir?

Prostat xərçəngi çox yayılmış bir xəstəlikdir. Dünyada kişilər arasında bütün onkoloji xəstəliklər səbəbindən baş verən ölüm hallarına görə prostat vəzi xərçəngi ikinci yerdədir.

Prostat vezi xercenginin elametleri

Prostat vəzi xərçəngi necə təzahür edir?

Prostat xərçəngi uzun müddət özünü büruzə vermir. Adətən simptomlar (xəstəliyin əlamətləri) şişin inkişafı və böyüməsi ilə meydana çıxır. Prostat xərçənginin simptomlarına aşağıdakılar daxildir:

  1. Sidik ifrazının pozulması;
  2. Sidik ifrazı zamanı çətinlik (əvvəlcə sidik ifrazına başlamaq və ya sidik axınını dayandırmaq çətindir, sonralar isə bütün sidik ifrazı aktı pozulmuş olur və sidiyəgetmə çox səy tələb edir);
  3. Sidik ifrazı zamanı ağrı və ya yanma hissi;
  4. Tez-tez sidik ifrazına çağırışlar, xüsusilə də, gecə saatlarında;
  5. Zəif sidik axını;
  6. Ereksiyanın pozulması;
  7. Sidik və ya sperma ilə qan qarışığı;
  8. Belin aşağı hissəsində, çanaqda və ya budda tez-tez ağrılar.

Prostat vəzi şişləri necə aşkar edilir?

Prostat vəzi xərçəngi, risk faktorları olan bir pasiyentdə yuxarıda göstərilən simptomların mövcudluğu zamanı aparılan düz bağırsaqdan (barmaqla rektal müayinə) prostat vəzinin barmaq müayinəsindən sonra şübhələnmək olar. Tədqiqat prostat vəzinin ölçüsünü və sıxlığını, həmçinin hər hansı bir törəmələrinin olub-olmamasını müəyyən etməyə imkan verir. Lakin, rektal müayinə zamanı dəyişikliyin aşkar olunmaması prostat xərçəngi ehtimalını istisna etmir. Sonrakı mərhələdə qanda prostat spesifik antigenin (PSA) səviyyəsinin təyin edilməsi xərçəngə tutulma ehtimalını müəyyənləşdirməyə kömək ola bilər.

Prostat spesifik antigen (PSA)

PSA, prostat vəzinin epitelial hüceyrələrində əmələ gələn və prostat vəzi toxumasının vəzləri (prostat vəzinin qlandulyar toxuması ayrı-ayrı vəzlərdən ibarətdir) arasındakı boşluqlara ifraz olunan xüsusi bir zülaldır. PSA-nın bir hissəsi qan dövranına sovrulur və qan zərdabında aşkar edilə bilər. Prostat xərçəngi varsa, qanda PSA səviyyəsi əhəmiyyətli dərəcədə arta bilər.

Əvvəllər qanda normal PSA səviyyəsi 4 nq / ml və ya daha az olduğu hesab olunurdu. 2004-cü ildə dərc edilmiş tədqiqatdan məlum olub ki, PSA səviyyəsi <4 nq / ml aşağı olan kişilərin 15%-də prostat xərçəngi aşkar edilir.

Buna görə, hal-hazırda qanda PSA-nın “normal” səviyyəsinin ümumiyyətlə qəbul edilmiş səviyyəsi yoxdur.

PSA səviyyəsində artım hər zaman şiş prosesi ilə əlaqələndirilmir və aşağıdakı hallarda müşahidə edilə bilər:

  1. PVXH mövcudluğu;
  2. Prostat vəzinin iltihabi xəstəlikləri (prostatit);
  3. velosiped sürdükdən sonra;
  4. cinsi əlaqədən sonra;
  5. uroloji manipulyasiyalardan sonra (barmaqla rektal müayinə, sistoskopiya, transrektal ultrasəs müayinəsi, prostat vəzinin biopsiyası).

Ən “düzgün” PSA səviyyəsini əldə etmək üçün, tədqiqatdan bir həftə əvvəl cinsi əlaqəni və prostat vəzinə mümkün olan təsirləri istisna etmək lazımdır. Prostatit əlamətləri varsa, əvvəlcə iltihabəleyhinə müalicə kursundan keçmək gərəkdir.

PSA səviyyəsi haqqında məlumatların şərhinin mürəkkəbliyini nəzərə alaraq, analiz prostat vəzinin xərçəngi diaqnozu və müalicəsi təcrübəsi olan bir mütəxəssis tərəfindən dəyərləndirilməlidir.

Prostat vəzinin xərçənginin müalicəsi

Prostat xərçənginin cərrahi müalicəsi.

  1. Radikal prostatektomiya

Radikal prostatektomiya, prostat vəzinin regional limfa düyünləri ilə birlikdə tamamilə çıxarılması ilə nəticələnən bir əməliyyatdır. Əsasən, bu əməliyyat prostat vəzi xərçəngi xəstəliyinin I-II mərhələlərində aparılır, lakin bəzi hallarda xəstəliyi III mərhələsi olan xəstələrdə də aparıla bilər. Əməliyyat zamanı prostat vəzinin yaxınlığında yerləşən və ereksiya funksiyasını təmin edən sinirlər tez-tez zədələnir və buna görə də əməliyyatdan sonra erektil disfunksiya yaranır (ereksiyanın qismən və ya tam olmaması). Bəzi hallarda, bədxassəli şişin kiçik ölçüləri zamanı ereksiyanın saxlanmasını təmin edə bilən bu sinirləri qorumaq mümkün olur. Lakin, əməliyyatdan sonra ereksiyanın saxlanması təmin edilsə də, eyakulyasiya (spermanın xaric edilməsi, boşalma) baş vermir.

  1. Prostat vəzinin transuretral rezeksiyası

Prostat vəzinin transuretral rezeksiyası (PTUR) – uretranın bədxassəli şiş tərəfindən sıxılması nəticəsində sidik ifrazının ləngiməsi baş verdikdə (müstəqil surətdə sidiyə çıxmaq mümkün olmadıqda) prostat xərçənginin əlamətlərini yüngülləşdirmək üçün aparılan bir əməliyyatdır. PTUR ilə xərçəngin tamamilə çıxarılması mümkün deyil, ancaq sidik axınına maneə törədən şişin bir hissəsini çıxarmaq mümkündür. Bu əməliyyat zamanı bədəndə heç bir kəsik edilmir. Əməliyyat, uretradan daxil edilən xüsusi alət – rezektoskop – istifadə edərək həyata keçirilir. Bədxassəli şiş, rezektoskopun sonundakı yüksək cərəyanlı elektrik tok keçən ilgəklə çıxarılır. Bu müdaxilə xəstədə müstəqil sidiyə çıxmaq imkanını bərpa edir.

Şüa terapiyası

Şua terapiyası zamanı xərçəng hüceyrələrini məhv etmək və şişi kiçiltmək üçün yüksək dozada şüadan istifadə edilir. Bu müalicə metodu xərçəngin istənilən mərhələsində istifadə edilə bilər.

  1. Distant şüa terapiyası. Bu müalicə metodu zamanı şüa mənbəyi insan bədəninin səthindən bir qədər aralı məsafədə yerləşir. Bir şüalanma seansı bir neçə dəqiqə çəkir, şua terapiyası üçün apparatın quraşdırılması və hazırlanması üçün daha uzun vaxt tələb olunur. Adətən, müalicə həftədə 5 dəfə olmaqla, 6 həftə ərzində ambulator şəraitdə aparılır.
  2. Braxiterapiya – şüa mənbəyi şişin içərisinə yerləşdirilir. Müalicə xəstəxana şəraitində aparılır. Boş iynələr anesteziya altında prostat vəzinə daxil edilir və onların vasitəsilə prostat vəzinin daxilində saxlanılan radioaktiv dənlər yeridilir. Belə şüa mənbələri bir neçə ay aktiv qalır.

Şüa terapiyasının əsas çatışmazlığı şiş hüceyrələri ilə yanaşı şüalanma prosesində yaxınlıqdakı sağlam toxumaların da zədələnməsidir. Buna görə şüalanmadan sonra şüalanma zonasında dəri örtüklərində reaksiyalar, tez-tez və ağrılı sidik ifrazı, ishal, düz bağırsaqda ağrı və qanaxma müşahidə edilə bilər. Bu halların əksəriyyəti şua müalicəsinin dayandırılmasından sonra keçib gedir.

Hormon terapiyası

Hormon terapiyasının məqsədi prostat xərçəngi hüceyrələrinin böyüməsini artıran kişi cinsiyyət hormonunun (testosteron) istehsalını azaltmaqdır. Bədəndəki androgenlərin (kişi reproduktiv xüsusiyyətlərini tənzimləyən hormonlar, o cümlədən, testosteron) əsas mənbəyi xayalardır, əlavə olaraq az miqdarda kişi cinsiyyət hormonları böyrəküstü vəzilər tərəfindən də istehsal olunur. Orqanizmdə testosteronun istehsalının azaldılmasının bir neçə yolu var:

  1. Xayaların cərrahi çıxarılması (cərrahi kastrasiya). Bu əməliyyatın tibbi adı orxiektomiyadır. Orxiektomiya ambulator prosedur kimi həyata keçirilə bilər, lakin bir qayda olaraq hospitalizasiya və ümumi anesteziyanın verilməsini tələb edir. Xayaların çıxarılması testosteron istehsalını əhəmiyyətli dərəcədə azaldır və ağrıları, sidik ifrazı pozulmalarını və prostat vəzi xərçəngi ilə bağlı digər simptomları yüngülləşdirir. Bu tip müalicənin yan təsirlərinə impotensiya və “istiliyin gəlməsi” (kişi klimaksı) hissiyatı daxildir.
  2. Medikamentoz üsul (farmakoloji və ya dərman kastrasiyası).

Bu müalicə metodu üçün təbii luteinləşdirici hormon rilizinq-horionun (LHRH) analoqları istifadə olunur. LHRH analoqlarının istifadəsi zamanı xayalar tərəfindən testosteronun ifrazı dayandırılır. Buna görə ağrı, sidik ifrazı pozulmaları və prostat vəzi xərçəngi ilə əlaqəli digər simptomlar yüngülləşir. Bir qayda olaraq, dərman ayda bir dəfə ambulator şəraitdə yeridilir, dərmanın xəstə tərəfindən öz-özünə yeridilməsi də mümkündür. Bu günə LHRH analoqlarının 3 və 6 aylıq formaları var. Hormon terapiyası üçün LHRH analoqlarından əlavə olaraq, başqa bir dərman sinifi istifadə olunur. Bu, testosteronun reseptorlarına bağlanmasına maneə törədən və müvafiq olaraq testosteronun təsirinə maneə yaradan antiandrogenlərdir. Onların istifadəsi cinsi funksiyanı qorumaq istəyən gənc kişilərdə tətbiq oluna bilər.

Bilməlisiniz ki, hormon terapiyası prostat xərçəngini müalicə etmir, ancaq onun böyüməsini ləngidə, ölçüsünü azalda bilər və şişlə bağlı simptomları yüngülləşdirə bilər!

Prostat vəzi xərçənginin müalicəsi zamanı kimya terapiyası

Xərçəng hüceyrələrini öldürən dərmanların istifadəsi kimya terapiyası adlanır. Prostat vəzi xərçəngi zamanı kimya terapiyasının istifadəsi yayılmış xərçəng hallarında və hormon terapiyası təsirsiz olduqda aparılır. Kimya terapiyası adətən dövrlərlə tətbiq olunur. Hər dövrdə bir müalicə müddəti və istirahət müddəti var. Yan təsirlər, terapiya zamanı istifadə olunan kimya terapiyası preparatından və fərdi dözümlülükdən asılıdır. Sağlam toxumalara zərərin azaldılması üçün kimyəvi terapiyanın dozası və tezliyi nəzarətdə saxlanır.

Müalicədən sonra hansı müşahidə tələb olunur?

Təəssüf ki, radikal müalicədən sonra da şişin yenidən əmələ gəlməsi (residiv) baş verə bilər. Buna görə də, məsələn, həkimlər prostat xərçənginə tutulmuş xəstələrə vaxtaşırı müayinələrdən keçmələrini tövsiyə edirlər.

Müayinənin vacib komponentlərindən biri PSA analizidir. Həmçinin, müşahidəyə ümumi baxış, qan və sidik analizləri, ultrasəs və ya kompüter tomoqrafiyası müayinələri daxil edilə bilər.