Xaya şişləri nədir, əlamətləri və müalicəsi. Xaya xərçəngi

Xaya şişləri. Xaya xərçəngi

Xaya nədir?

Xaya (testis) – xayalıqda yerləşən iki kişi cinsiyyət vəzisidir. Onların funksiyası spermatozoidlərin və kişi cinsiyyət hormonunun (testosteronun) əmələ gətirilməsidir. Xayada əmələ gələn toxum mayesindəki (və ya toxum plazmasındakı) inkişaf etməmiş spermatozoidlər toxum borucuqları torundan keçərək (tubuli seminiferi) xaya artımına düşürlər və orada tam inkişaf edib, saxlanılırlar.

Hansı xaya şişləri olur?

Xaya şişlərinin çoxu herminogen hüceyrələrdən inkişaf edir və herminogen şişlər adlanırlar. Bu hüceyrələrdən həmçinin spermatozoidlər inkişaf edir. Herminogen şişlərin iki əsas tipi var: seminoma və qeyri-seminoma şişlər. Onlar müxtəlif bioloji və yayılma xüsusiyyətlərinə, habelə müalicəyə cavaba görə fərqlənirlər.  Seminoma zamanı herminogen hüceyrələr inkişaflarının erkən mərhələsində bədxassəli hüceyrələrə çevirilirlər və şüa terapiyasına daha həssasdırlar. Qeyri-seminoma şişlər seminoma ilə müqaisədə daha tez yayılır (metastazlaşır) və inkişaf edirlər. Onların aşağıdakı tipləri mövcuddur:

  1. Embrional xərcəng (yetişmiş herminogen hüceyrələrdən inkişaf edir)
  2. Teratoma, bu zaman  xaya daxilində herminogen hüceyrələr müxtəlif toxumalara differensasiya olunur: qığırdaq, sinir, əzələ (normada bu kişi və qadın cinsiyyət hüceyrələrinin birləşməsindən yəni mayalanmadan sonra baş verir)
  3. Sarı kisə şişləri. Bu zaman şiş adətən döldə olan sarı kisədən inkişaf edir
  4. Xoriokarsinoma  quruluşu ilə ciftə bənzəyən, nadir rast gələn, lakin, yüksək bədliyə malik bədxassəli şişdir.

Qeyri-seminoma şişləri yuxarıda sadalanan hüceyrə tiplərinin eyni zamanda bir neçəsindən və ya hamısından ibarət ola bilər. Əgər şişin tərkibində həm seminoma, həm də qeyri-seminoma şiş hüceyrələri mövcuddursa, onu qeyri-seminoma şiş kimi müalicə etmək tövsiyə olunur.

Xaya şişləri kimlərdə daha tez-tez rast gəlir?

Xaya şişləri ən “cavan” şişlərdən sayılır və 20-35 yaşlı kişilər arasında tez-tez rast gəlinən bədxassəli törəmədir.

Xaya xercengi nedir

Xaya şişlərinin inkişafına hansı faktorlar zəmin yaradır?

Şişin yaranma ehtimalını artıran faktorlar risk faktorları adlanır. Risk faktorlarının mövcudluğu mütləq şişin inkişafına gətirmir. Eyni ilə, risk faktorlarının olmaması heç də şişin inkişaf etməyəcəyinə zəmanət vermir.

Xaya şişləri üçün risk faktorlarına aşağıdakılar aiddir:

  • kriptorxizm (xayanın xayalığa düşməsinin ləngiməsi). Kriptorxizm olduqda xaya şişinin inkişaf ehtimalı 4-6 dəfə artmış olur. Lakin, cinsi yetişkənliyədək xayanın xayalığa endirilməsi əməliyyatı aparılıbsa, risk cəmi 2 dəfə artmış olur.
  • irsiyyət (birinci sıra qohumlarda xaya şişinin olması). Əgər pasiyentin qardaşında xaya şişi aşkarlanıbsa, onda bu pasiyentdə xaya şişinin inkişafı ehtimalı 8-12 dəfə artmış olur, şiş pasiyentin atasında aşkarlanıbsa 2-4 dəfə.

Xaya şişlərinin əlamətləri hansılardır?

Xaya şişinin ən tez-tez rast gələn klinik təzahürləri: xayada ağrısız bərkimənin əmələ gəlməsi, xayanın ölçülərinin böyüməsi, xayada və ya xayalıqda ağrı və ya diskomfort, qarnın aşağı hissəsində və ya xayalıqda ağırlıq hissi. Bu simptomlar  xaya şişi üçün spesifik deyil və digər xəstəliklərdə də müşahidə edilə bilərlər. Buna görə də bu simptomların əmələ gəlməsi zaman xaya şişini istisna etmək üçün mütəxəssis rəyi lazımdır. 10% hallarda xəstəliyin ilk əlamətləri metastazlarla bağlı olur. Bu halda simptomlar metastazların lokalizasiyasından asılıdır. Əksər hallarda xaya şişləri böyrək səviyyəsində olan retroperitoneal boşluqda yerləşən limfa düyünlərinə metastaz verir və şişin ilk təzahürü beldə sızıldayan, arası kəsilməyən ağrı olur. Metastaz ağciyərlərdə inkişaf etdikdə öskürək, təngnəfəslik müşahidə edilə bilər.

Xaya şişləri necə aşkarlanır?

Xaya şişləri əsasən pasiyentlər tərəfindən aşkarlanır. Bəzən sonsuzluq və ya digər uroloji şikayətlər olduqda müayinə zamanı təsadüfən tapılır. Qeyd etmək lazımdır ki, xaya xərcəngi erkən mərhələdə aşkarlandıqda nisbətən əlverişli gedişi ilə xarakterizə olunur və vaxtında müalicə başladıqda, 90% hallarda pasiyentlər tamamilə sağala bilir. Buna baxmayaraq xaya xərcəngi çox təhlükəli xəstəlikdir, çünki bir neçə ay ərzində şiş proqressivləşə və I mərhələdən (şiş xaya toxuması ilə məhdudlaşır) III mərhələyə (digər orqanlara şişin yayılması) keçə bilər. Lakin, uzaq metastazlarda belə kimyəvi terapiyanın istifadəsi ilə müasir müalicə sxemləri tam sağalmanı əldə etməyi mümkün edir.

Proqnoz yəni sağalma ehtimalı və müalicə metodunun seçilməsi aşağıdakı bir neçə faktorlardan asılıdır:

  1. xəstəliyin mərhələsi (şiş xaya ilə məhdudlaşıb yoxsa digər orqanlara yayılıb, həmçinin qanda şiş markerlərinin səviyyəsi)
  2. şişin tipi (seminoma və ya qeyri-seminoma)
  3. şişin ölcüləri
  4. retroperitoneal boşluqda yerləşən zədələnmiş limfa düyünlərinin sayı və ölçüsü.

Qeyt etmək lazımdır ki, xaya xərcəngi zamanı tətbiq olunan müalicə üsulları (kimyəvi və şüa terapiyası, retroperitoneal limfadenektomiya yəni limfa düyünlərinin xaric edilməsi) sonsuzluğa səbəb ola bilər. Buna görə də övlad sahibi olmaq istəyən pasiyentlərə müalicəyə başlamazdan əvvəl spermanın konservasiyası və saxlanılması üçün reproduktiv (ailə planlaması) mərkəzlərinə müraciət edilmələri tövsiyə olunur!

Xaya şişləri nədir? Xaya sislerinin elametleri

Xaya xərçənginin cərrahi müalicəsi

Müalicənin birinci mərhələsində radikal (qasıq) orxektomiya həyata keçirilir. Əməliyyat zamanı qasıq bölgəsindəki kəsik vasitəsilə xaya və  toxum ciyəsi çıxarılır. Bədxassəli hüceyrələrin mövcudluğunu təstiq etmək və şişin tipini (seminoma və ya qeyri-seminoma) müəyyənləşdirmək üçün çıxarılmış xayanın toxuması mikroskop altında müayinə olunur. Əməliyyat xayalıq nahiyyəsində kəsik vasitəsi ilə aparılmamalıdır, çünki xaya xərcəngi olduğu halda bu üsul şişin limfa dyünlərinə və yerli yayılmasına səbəb ola bilər.

Əməliyyatdan sonra, şişin yayılma səviyyəsini qiymətləndirmək üçün aşağıdakı bir sıra müayinələr aparılır:

  1. döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi
  2. kompüter tomoqrafiyası (KT)
  3. əməliyyatdan sonra şiş markerlərinin (AFP – alfa-fetoprotein, β-XQT xorionik qonadotropin, LDH- Laktat dehidrogenaza) səviyyəsinin təyini (şişin tam çıxarılmasına və əlavə müalicəyə ehtiyacın olub-olmamasına əmin olmaq üçün)

Son diaqnoz və xəstəliyin mərhələsi xayanın cıxarılmasından və yuxarıda sadalanan müayinələrin aparılmasından sonra təsdiqlənir.

Retroperitoneal limfadenektomiya

Bəzi hallarda xayanın cıxarılmasından sonra daha bir əməliyyatın – retroperitoneal limfadenektomiyanın aparılmasına ehtiyac olur. Bu  əməliyyat zamanı retroperitoneal boşluqda yerləşən limfa düyünləri ön qarın divarının orta kəsiyi ilə çıxarılır və sonra onlarda şişin olub-olmamasını müəyyən etmək üçün mikroskop altında müayinə aparılır.

Yayılmış xaya xərcənginin müalicəsi

Hətta uzaq metastazlarla qeyri-seminoma şişi olan pasiyentlərin müalicəsində kimyəvi terapiya yüksək effektivli müalicə metodudur. BEP sxemi (bleomisin, sisplatin, etopozid kombinasiyası) və ya EP sxemi (sisplatin, etopozid kombinasiyası) qeyri-seminoma şişi olan pasiyentlərin müalicəsində standart sxemlərdir. Bu sxemlərin istifadəsi zamanı ümumi sağqalma 90%-ə çatır.

Aparılan müalicədən sonra hansı müşahidə tələb olunur?

Müalicə başa çatdıqdan sonra residivin (şişin təkrar yaranması) və ya xəstəliyin proqressivləşməsini vaxtında aşkarlamaq məqsədilə, mütamadı olaraq müayinələr aparılmalıdır. Müayinələrin tezliyini və həcmini xəstəliyin mərhələsindən və aparılan müalicədən asılı olaraq həkim fərdi qaydada təyin edir. Bu zaman şiş markerlərinin səviyyəsinin müəyyənləşdirilməsi, döş qəfəsi orqanlarının rentgen müayinəsi, ultrasəs müayinə, döş qəfəsi və qarın boşluğu orqanlarının kompüter və ya maqnit-rezonans tomoqrafiyası aparılır.