Böyrək şişləri, əlamətləri və müalicəsi. Böyrək xərçəngi
Böyrək nədir?
Böyrəklər, onurğa sütununun hər iki tərəfində qarın boşluğu orqanları və bel əzələlərinin arasında yerləşən cüt orqanlardır. Hər böyrək piy toxuması ilə əhatə olunub və üstündə böyrəküstü vəzi yerləşir. Böyrəklər sidik sistemi orqanlarıdır. Onlar sidik istehsal edir və bədəndən sidik vasitəsi ilə su və duzların qalıqlarını, həmçinin insanın həyat fəaliyyətinin tullantılarını xaric edirlər. Sidik böyrək ləyənciyinə toplanır və sidik axarları vasitəsilə sidik kisəsində toplanır.
Hansı növ böyrək şişləri olur?
İki əsas bədxassəli böyrək şişləri böyrəkdə rast gəlinir – böyrək toxumasından inkişaf edən şişlər – böyrək-hüceyrə xərçəngi və böyrək ləyənciyindən inkişaf edən şişlər. Ən çox rast gəlinən xoşxassəli şişlər angiomiolipomalardır (piy, əzələ toxuması və qan damarlarından ibarət olan şişlər). Bu şişlər xüsusi rentgen müayinəsi (kompüter tomoqrafiya) ilə aşkar edilə bilən xüsusi əlamətlərə malikdir. Böyük ölçülərdə angiomiolipomalar cərrahi yolla çıxarılmalıdır, çünki onlar kiçik xəsarətlər nəticəsində belə asanlıqla zədələnə və təhlükəli daxili qanaxmaya səbəb ola bilərlər.
Böyrək xərçənginə hansı tezliklə rast gəlinir?
Böyrək xərçəngi bütün aşkar edilmiş bədxassəli yenitörəmələrin 4%-ni təşkil edir. Böyrək şişləri əsasən 50-70 yaşlı şəxslərdə qeydə alınır. Lakin, buna baxmayaraq, bu xəstəlik yeniyetmələrdə və hətta uşaqlarda da inkişaf edə bilər. Kişilərdə böyrək şişləri qadınlara nisbətən bir az daha çox, şəhər əhalisində kənd əhalisinə nisbətən daha çox rast gəlinir.
Böyrək xərçənginin inkişafına hansı amillər təkan verir?
- Tütünçəkmə (siqaret) böyrək xərçənginin inkişafı ilə bağlı olan ən ciddi risk faktorlardan biridir. Tütündən istifadə etməyənlərlə müqayisədə ondan istifadə edənlərdə (məs., siqaret çəkənlərdə) böyrək xərçənginin inkişaf ehtimalı təxminən 2 dəfə çoxdur;
- Piylənmə, xüsusilə qadınlarda;
- Ağrı kəsicilərindən sui-istifadə;
- Peşə amilləri. Bu xəstəlik riski metallurgiya və dəri sənayesində, azbest və kadmiumla işləyənlər arasında daha yüksəkdir. Son amillərin təsiri çox böyük olmadığını və bütün mütəxəssislər tərəfindən tanınmadığını vurğulamaq lazımdır;
- İrsi (ailə üzvlərində qeydə alınıb) böyrək xərçəngi hallarında özünü göstərən genetik amillər (məsələn, Von Hippel-Lindau sindromu). Bu hallar aşaıdakılarla səciyyələnir: xəstəliyin gənc yaşda inkişafı, şişlərin adətən hər iki böyrəkdə mövcud olması və böyrəkdə bir çox xərçəng ocağının meydana çıxması.
Böyrək şişlərinin təzahürləri hansılardır?
Böyrəklər insan orqanizmində dərin yerləşdiklərinə görə, böyrək şişləri adətən uzun müddət təzahürlər olmadan inkişaf edir və onları aşkar edən əlamətlər üzə çıxanadək böyük ölçülərə çatır.
Böyrək şişinin əlamətləri nələrdir?
Təbabətdə mürəkkəb kompleks müayinə metodlarının meydana gəlməsindən əvvəl aşağıdakı üç simptom əsasında böyrək xərçəngi diaqnozundan şübhələnmək olardı:
- bel ağrısı
- sidikdə qan
- palpasiya (qarının əl ilə müayinəsi) olunan şiş
Hal-hazırda bu simptomlar böyrək xərçənginin inkişaf etmiş bir mərhələsini göstərir və nadir hallarda rastlaşır. Əksər böyrək şişləri digər xəstəliklər və ya simptomlarla bağlı aparılan ultrasəs müayinəsi zamanı təsadüfən aşkar edilir.
Böyrək xərçənginin ən çox rast gəlinən əlamətlərindən biri sidikdə qanın əmələ gəlməsidir. Adətən, bunun ardınca qan laxtalarının qopması və sidiklə birgə sidik axarlarından keçən zaman onların mənfəzinin tutulması baş verir. Nəticədə böyrək nahiyyəsində kəskin ağrılar əmələ gəlir.
Bel ağrısı böyrək xərçənginin ikinci ən çox rast gəlinən simptomudur. Ağrı küt xarakter daşıya bilər ki, bu da böyrəyin fibroz kapsulasının dartılması və ya sinir kələfinin şiş tərəfindən sıxılması ilə əlaqələndirilir. Kəskin bel ağrısı adətən qanaxma və sidik axınının qarşısını alan laxtaların meydana gəlməsi ilə əlaqələndirilir.
Böyrək nahiyyəsində əllənə bilən şişin olması yayılmış şiş prosesinə xasdır. Bəzən böyrək şişləri zamanı xaya ətrafındakı damarların genişlənməsi müşahidə olunur. Əgər genişlənmə birdən və ya 40 yaşdan sonra baş verərsə, həkimə müraciət etmək tövsiyə olunur, çünki bu ciddi bir patologiyanın əlaməti ola bilər.
Böyrək xərçənginin “terapevtik şiş” adlandırılmasına səbəb, şiş tərəfindən müxtəlif bioloji aktiv maddələrin ifrazı ilə əlaqəli müxtəlif təzahürlərin yüksək rastgəlmə tezliyidir. Böyrək şişləri bədən hərarətinin artmasına, qanda kalsium səviyyəsinin yüksəlməsinə, qırmızı qan hüceyrələrinin sayının azalması və ya artmasına, arterial qan təzyiqinin və eritrositlərin çökmə sürətinin yüksəlməsinə və qanın laxtalanma qabiliyyətinin pozulmasına səbəb ola biləcək müxtəlif zülal maddələri ifraz edə bilər.
Bütün bu vəziyyətlər şişin tam çıxarılmasından sonra yox olur. Bu simptomların geri qayıtması, bir qayda olaraq, xəstəliyin residivini (yenidən əmələ gəlməsini) və ya uzaq metastazların inkişafından xəbər verir.
Böyrək şişləri necə aşkar edilir?
Bel nahiyyəsində qeyri-spesifik ağrı və ya böyrək şişinə şübhə olan hallarda, böyrəklərin ultrasəs müayinəsi geniş tətbiq olunur. Bu müayinənin üstünlükləri onun əlverişli (ucuz) qiyməti, əlçatanlığı və təhlükəsizliyidir. Həmçinin, rentgen müayinəsindən fərqli olaraq, ultrasəs müayinəsində zərərli təsirləri olan rentgen şüalarından yox ultrasəs dalğalarından istifadə edilir. Ultrasəs müayinəsi zamanı adi böyrək sistini şişdən və ya kompüter tomoqrafiyasının aparılmasını tələb edən şübhəli bir törəmədən aydın şəkildə ayırd etmək olar.
Ultrasəs müayinəsinin çatışmazlıqlarına aşağıdakılar aiddir: piylənməsi olan xəstələrdə tam etibarlı nəticə verməməsi, bəzən bağırsaqlardakı qazların və ya qabırğaların mane olması səbəbindən ultrasəs müayinəsi ilə şişin aşkarlanmasının çətinləşməsi. Bundan əlavə, müayinə nəticələri ultrasəs aparan həkimin təcrübəsindən və ixtisaslaşmasından asılıdır.
Böyrək xərçənginin müalicəsi. Müasir yanaşma
Böyrək xərçəngi hallarında müalicə seçiminə təsir edən əsas amil şişin yayılmasıdır (metastazlaşmasıdır), yəni şiş hüceyrələrinin digər orqanlarda da olub olmamasıdır.
Cərrahi müalicə
Adətən bu patologiya zamanı şişlə birgə böyrək, ətraf toxumalar, o cümlədən böyrəyi əhatə edən piy toxumaları, limfa düyünləri və bəzən böyrəküstü vəzin (radikal nefrektomiya) çıxarılması əməliyyatı aparılır. Bəzi hallarda, şişin bədəndən tam çıxarılması, şişə bitişik olan digər orqanların da çıxarılmasını tələb edir.
Böyrək şişləri ölçü olaraq kiçik olan xəstələrdə laparoskopik radikal nefrektomiya aparılır. Belə əməliyyat bir neçə kiçik punksiyon dəlik vasitəsilə, böyük kəsik olmadan aparılır. Şiş olan çıxarılmış böyrək, qarının aşağı hissəsində kiçik bir kəsiklə götürülür. Belə müdaxilənin üstünlüyü əməliyyatdan sonra orqanizmin daha sürətli bərpasıdır.
Böyrək şişi olan xəstələrin bir hissəsində şiş venoz sisteminə, həttə bədəninin ən böyük venası olan aşağı boş venaya nüfuz edə bilir. Bu hallarda əməliyyat daha mürəkkəb olur və böyük qan itkisi ilə müşayiət edilə bilər.
Hal-hazırda böyrək şişlərinin orqanqoruyucu (böyrəyin saxlanması ilə) adlanan müalicənin tətbiqi tez-tez həyata keçirilir. Kiçik ölçülü şişlərin əlverişli yerləşməsi hallarında, bütöv böyrəyi çıxarmadan yalnız böyrək toxumasının bitişik hissəsi ilə şişin tamamilə çıxarılması (böyrək rezeksiyası) mümkündür.
Müəyyən bir əməliyyatla bağlı son qərar kompüter tomoqrafiyası zamanı əldə edilən məlumatların təhlilindən sonra cərrah tərəfindən qəbul edilir. Cərrahi müalicəyə əks göstərişləri olan çox yaşlı xəstələrdə kiçik şişlər zamanı yalnız müşahidə mümkündür. Bu yanaşmada əməliyyat yalnız xəstələrin kiçik bir hissəsində müşahidə olunan şiş ölçüsünün artması zamanı həyata keçirilir.
Kiçik böyrək şişlərinin alternativ müalicə üsulu radiotezlikli (radiofrekans ) ablasiyadır – ultrasəs, kompüter tomoqrafiyası və ya laparoskopiya nəzarəti altında şişə daxil olan və yüksək temperatur əmələ gətirən xüsusi zond vasitəsilə şişin məhv edilməsidir. Bu müalicənin üstünlüyü travmatikliyin aşağı səviyyədə olması, həmçinin yaşlı və ya ağır xəstələrin buna yaxşı tab gətirməsidir.
Bir sıra böyrək xərçəngi xəstələrində hətta ilkin müalicə zamanı uzaq metastazlar artıq aşkar edilir. Belə bir yayılmış xəstəlik zamanı pis proqnoza baxmayaraq, bəzi tədbirlər xəstələrin ömrünü uzada və ya həyat keyfiyyətini yaxşılaşdıra bilər. Belə ki, metastazlaşmış böyrək xərçəngi olan bir böyrəyin çıxarılması xəstəni müalicə edə bilməsə də, əməliyyatın aparılması dərmanların, xüsusilə immunoterapiyanın köməyi ilə bu xəstəliyin daha effektiv müalicəsinə imkan verəcəyi müəyyən edilmişdir.
Şüa terapiyası
Böyrək xərçəngi şüa müalicəsinə az həssasdır. Hal-hazırda böyrək xərçənginin müalicəsində şua terapiyası yalnız sümük və ya beyin metastazları olan xəstələrdə ağrı kəsici efektinə görə istifadə olunur.
Kimya terapiyası
Bu günə qədər böyrək xərçəngi olan xəstələrdə ənənəvi şiş əleyhinə kimya terapiyası dərmanlarının istifadəsinin nəticələri təsəlliverici deyil. Böyrək xərçəngi zamanı demək olar ki, mövcud olan bütün kimya terapiyası dərmanlarından istifadə edilmişdir. Təəssüf ki, kimya terapiyası dərmanlarından heç biri böyrək xərçəngində effektivliyini göstərməyib.
İmmunoterapiya
Metastatik böyrək xərçəngi üçün immunoterapiya hazırda ən effektiv müalicələrdən biridir. Böyrək xərçəngi zamanı əsasən, iki immunoloji dərman istifadə olunur – interleykin-2 və interferon-alfa. Hər iki dərmanın oxşar effektivliyi ilə bərabər, interferon ilə müalicə zamanı daha az yan təsir inkişaf edir, buna görə də klinik praktikada əsasən interferon istifadə olunur.
Hədəfli (eng. target) terapiya
Son illərdə, şiş hüceyrələrinin inkişafının müxtəlif molekulyar mexanizmlərinə “hədəf” təsir göstərən bir sıra yeni dərmanlar hazırlanmışdır. İnkişaf etmiş böyrək xərçəngi zamanı bir sıra dərmanların istifadəsi ənənəvi immunoterapiyadan daha təsirli olmuşdur.
Lakin, hazırda bu dərmanların son dərəcə bahalı olmaları onların klinik praktikada geniş yayılmasına mane olur. Hədəfli terapiyanın imkanlarının öyrənilməsi hazırda davam edir.
Müalicədən sonra müşahidə necə aparılmalıdır?
Müalicə başa çatdıqdan sonra, xəstəliyin inkişafının davam etməsinin və ya residivin əmələ gəlməsini vaxtında aşkar etmək üçün vaxtaşırı müayinədən keçmək lazımdır.
Xəstəliyin mərhələsindən və aparılan müalicədən asılı olaraq, həkim müayinələrin tezliyini və həcmini təyin edəcəkdir.
Standart müayinələrə aşağıdakılar daxildir:
- qarın boşluğunun ultrasəs müayinəsi
- döş qəfəsinin rentgenoqrafiyası
- qanın ümumi və biokimyəvi analizi
- sidiyin ümumi analizi.